Şərəf kanı, nədən etdin qara toprağı sən məskən?
Noleydi mən geyəydim ağ kəfən, sən qara pirahən!

Çox can atırdım ki, heç olmasa Paşanın ağır xəstə düşdüyü son illərdə görüşünə gedim, buna nail olmadım. Berlində qara xəbərini aldım. Nəhayət, on ildən sonra Bakıya o zaman gəlib çatdım ki, Paşanın özünü yox, qəbrinin ziyarətinə nail oldum. Otuz beş illik əziz və qardaşdan daha yaxın olan və eyni zamanda ədəbi tədqiqat sahəsində əməkdaşı itirmək nə qədər ağır və ruhi sarsıntıya uğramağımın təsəvvürü başqaları üçün çətin, bəlkə qeyri-mümkündür:

Bilər dərdimi qardaşı olanlar,

Qələm şərhi-qəmindən natəvanlar.

O, mərifət, şərəf və səfa kanı ilə dostluğum 1989-cu ildən etibarən başlamışdır. Zəngin klassik ədəbiyyatımızla bağlı əldə etdiyim və yaxud ilk dəfə aşkara çıxardığım yazılı abidələrimizin surətini (kopyasını, mikrofilmini və sidisini) onun ünvanına göndərir, bu tapıntıların bəziləri haqqında araşdırdığım mətləbləri və məqalələri onun sərəncamına çatdırardım. O isə əski əlifbadan çevirib, eyni halda redaktə edərək mətbuatda çap etdirərdi. Bu xüsusda, o mənim arxam idi. Paşa ilə ilk tanışlığımda söhbətimiz Qövsi Təbrizi ilə əlaqədar olmuşdur. Müxtəlif fasilələrlə şairin Təbriz və Məşhəd kitabxanalarında mövcud olan iki nəfis əlyazma nüsxələrindən mikrofilm və sidi çəkdirib, onun ünvanına göndərdim. Bu bizim həmkarlığımızın başlanması idi. Uzun illər boyu onunla sıx əlaqədə olduğum və əməkdaşlığımla bağlı xatirələrim yazılsa, sözsüz, bir kitab olar. Əgər tam ixtisarla onun xüsusiyyətindən danışılsa, bunu deyə bilərəm ki, Paşa digər öz ailə üzvləri kimi olduqca mədəni, pak idi. İşində fəal, eyni halda təvazökar idi. Bu gözəl insani xüsusiyyətlərin qarşısında o, ictimai ədalətsizliyə məruz qaldı. Eyni ilə qardaşı Orxan kimi! Paşa insani keyfiyyətlərinə görə əzab və əziyyətlərə qatlaşmalı olurdu. Bir tərəfdən ona qarşı təbiətin amansızlığı, digər tərəfdən isə iş mühitindəki yuxarıdan işə təyin olan bir qisim plagiatçı və ərəb əlifbasını belə oxuya bilməyənlər tərəfindən məngənədə qalmışdı. Sədi demişkən:

Çe quyəm ke, naqoftənəm behtər əst,

Zəban dər dəhan pasibane-sərəst!

(Nə deyim, deməməyim ondan yaxşıdır,

Dil ağızda başın mühafizidir.)

Mən Əlyazmalar İnstitutunu heç vaxt Paşasız təsəvvür edə bilməzdim. İndi onsuz bu İnstitutun mənə nə mənası var? Əlvida, əziz Paşa! Əlvida, Əlyazmalar İnstitutu!

Hələlik, bu qədər.

19 aprel 2024-cü il.

(Almaniya, Berlin)