7 iyul 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunması münasibətilə keçirilmiş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda Respublika elmi-nəzəri konfrans materialları toplu halında nəşr olunub. Topluda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Heydər Əliyev və Əlyazmalar İnstitutu”, icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovun “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Heydər Əliyevin əsəridir”, şöbə müdiri, filologiya elmləri doktoru, dosent Aygül Hacıyevanın “Heydər Əliyev və Azərbaycan gəncliyi” və digər görkəmli alimlərin məruzələrinin tezisləri yer alıb. Qeyd edək ki, konfrans materialları akademik Teymur Kərimlinin sədrlik etdiyi təşkilat komitəsinin yekun rəyi və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Konfrans materiallarını nəşrə hazırlayan institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix ü.f.d., dosent Cavid Cəfərovdur.

Toplunu əldə etmək istəyənlər Əlyazmalar İnstitutunun baş meneceri Qurban Hümbətova müraciət edə bilərlər.

manuscript.az