22 may 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibəti ilə brifinq keçirilib. Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulunun əlamətdar hadisə olduğunu qeyd edib, ölkəmiz üçün mühüm və önəmli olan bu əlamətdar hadisəni bədxah qonşularımızın haqsız ərazi iddialarına tutarlı bir cavab olduğunu vurğulayıb. Bildirib ki, Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində Azərbaycan əlyazması kimi qiymətləndirilməsi Qarabağın Azərbaycan torpağı olmasının növbəti təkzibolunmaz sübutudur. Alim əlyazma nüsxəsinin Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsinin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında cəbhədə əldə olunan möhtəşəm qələbənin beynəlxalq aləmdə inikası və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və mədəniyyət sahəsində gördüyü işlərin mühüm nəticələrindən biri olduğunu nəzərə çatdırıb.

Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özəlləşdirmə cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrində sənədli irsimizə dair nominasiyaların təqdimatının böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə aparılan fəaliyyətin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə AMEA-nın nəzdində UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə yaradıldığını vurğulayıb. Bildirib ki, bu günə qədər 2 sənədli irsimiz – “Tibb və əczaçılığa dair orta əsr əlyazmaları” (2005-ci il) və “Məhəmməd Füzulinin “Divanı”nın əlyazma nüsxəsi” (2017-ci il) Dünya Yaddaşı Reyestrinə daxil edilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında Ulu Öndərin 100 illiyində Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınmasının əlamətdar bir hadisə olduğunu qeyd edib. Bildirib ki, Xurşidbanu Natəvan Qarabağda yaşayıb yaratsa da, təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edən, birləşdirən bir ictimai xadim olub. Alimin sözlərinə görə, “Gül dəftəri” şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması və ümumilikdə sənət əsərlərimizin dünya səviyyəsində qəbul olunması bizim uğurumuz, zəngin mədəniyyətimizin sübutu, mənfur düşmənlərin yersiz iddialarına bir cavabdır.

İnstitutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən, tarix ü.f.d., dosent Nigar Babaxanova çıxışında bu işə 2019-cu ilin sonlarından Əlyazmalar İnstitutunda yaradılmış işçi qrupun tərkibində başladığını qeyd edib. Bildirib ki, Əlyazmalar İnstitutunun baş direktorunun rəhbərliyi ilə xüsusi komissiya yaradılmış və müvafiq sənədləşmələrdən sonra UNESCO-ya nominasiya üçün müraciət edilmişdir. 2019-cu ildən 2023-cü ilə qədər davam edən prosesdə onlarla onlayn təlimlərə qoşulduqlarını, bir sıra çətinliklərlə qarşılaşdıqlarını qeyd edən alim sonunda bu əlamətdar hadisənin həyata keçirilməsinə nail olduğunu söyləyib, toplunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmasının həm də Azərbaycan qadınının qələbəsi olduğunu vurğulayıb. İnstitutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov çıxışında qeyd edib ki, bu hadisə təkcə Əlyazmalar İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının deyil, həm də bütün Azərbaycanın uğuru və nailiyyətidir, çünki Xurşidbanu Natəvanın bu əsəri vahid Azərbaycan incəsənətini və bütöv bir epoxanı özündə əks etdirir. Daha sonra tədbir iştirakçıları, mediya nümayəndələri, qonaqlar, həmçinin Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbə heyətinin bir qrup nümayəndəsi Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan Xurşidbanu Natəvanın rəsm əsərlərindən və 2005-2023-cü illər ərzində UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmiş əlyazma nüsxələrindən ibarət sərgi ilə tanış olublar. Sonda iştirakçıların xatirə şəkli çəkilib.

azertag.az