3 aprel 2023-cü il tarixində Türkiyənin məşhur yazıçısı, tədqiqatçı-jurnalist, Atatürk nəslinin böyük araşdırmaçısı, məşhur “Çanaqqala savaşı”, “Mustafa Kamal və Atatürk”, “Bilinməyən şəhidliklər” və bir sıra digər kitabların müəllifi Mustafa Atmaca AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı İnstitutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimov qarşılayıb və ona institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Mustafa Atmaca da öz növbəsində səfərinin məqsədinin ölkəmiz, burada yerləşən elmi müəssisələr, qədim memarlıq abidələri, muzeylər haqqında yeni məlumat əldə etmək olduğunu bildirib, eyni zamanda müəllifi olduğu 9 kitabı institutun kitabxanasına hədiyyə etmək istədiyini vurğulayıb.

Daha sonra qonaq İnstitutun Ekspozisiya zalı, burada nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri ilə də tanış olub. Rəy kitabına institut haqqında təəssüratlarını yazan yazıçı xatirə şəkli çəkdirib.

manuscript.az