Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar və Xocalı faciəsi” mövzusunda tədbir keçirilib. İlk öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə İnstitutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimov açaraq tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi facilərdən danışıb. O, müasir dünyada hələ də açıq-aydın faktları gözardı edən, ermənilər tərəfindən xalqımızın başına gətirilən bu misli görünməmiş soyqırıma biganə yanaşan anti-humanist qüvvələrin az olmadığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında qazanılan şanlı qələbə xalqımızın Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli oldu. Lakin hələ də Xocalı soyqırımının səbəbkarları, beynəlxalq məhkəmə qarşısında hələ də cavab verməyib, hərbi cinayət törədən Ermənistan rəhbərliyi cəzasını almayıb. Tədbir məruzələrin dinlənilməsi ilə davam edib.

Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., professor Kamandar Şərifov “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar”, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının baş kitabxanaçısı Susana Məmmədova “Xocalı faciəsi sağalmayan yaramızdır”, H.Əliyev adına Hərbi İnstitutun NATO/Sülh naminə tərəfdaşlıq və humanitar fənlər kafedrasının müəllimi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirov “Xocalı faciəsinin səbəbkarları hələ də cəzasızdır”, İnstitutun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Xocalı soyqırımı XX əsrin faciəsi” mövzusunda məruzə edərək tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən, ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar. Bildiriblər ki, son iki yüz il ərzində erməni şovinistləri öz havadarlarının köməkliyi ilə Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirsələr də, Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan ordusunun peşəkarlığı və xalqımızın Ali baş komandan ətrafında “dəmir yumruq” kimi birləşməsi sayəsində haqq-ədalət nəhayət bərqərar olub.

Çıxışlardan sonra professor P.Kərimov ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsi qurbanlarına Alladan rəhmət diləyib, anım mərasimində iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirib. Tədbirin sonunda sözləri Əhməd Cavad, musiqisi Aygün Səmədzadəyə aid “Bismillah” kompozisiyası səsləndirilib, Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin və M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının hazırladığı “Erməni terrorizmi və Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr” mövzusunda kitab sərgisi nümayiş olunub.

Qeyd edək ki, anım mərasimində H.Əliyev adına Hərbi İnstitutun bir qrup kursantı və həmin ali hərbi məktəbin komandirləri iştirak edib.

manuscript.az