AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, institutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və institutun elmlər doktoru hazırlığı üzrə doktorantı, fil.ü.f.d. Şəhla Məcidova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Əlişir Nəvai və XXI əsr” mövzusunda VIII beynəlxalq konfransda iştirak ediblər. Azərbaycan, Özbəkistan, Türkiyə və Cənubi Koreyanın görkəmli şərqşünaslarının qatıldığı, diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirak etdiyi konfransın plenar iclasında akademik Teymur Kərimli çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, artıq 8-ci dəfə keçirilən beynəlxalq konfransın ölkələrarası elmi əlaqələrin inkişafına müsbət təsir göstərdiyini söyləyib, ölkəmizdə Əlişir Nəvai ilə bağlı aparılan tədqiqat işlərindən, dünya şöhrətli şairin ədəbi və elmi irsinin ilkin mənbələr əsasında öyrənilməsinin əhəmiyyətindən və nəvaişünaslıq qarşısında duran problemlərdən, ədibin əlyazma irsinin toplanması və nəşri sahəsində görülən işlərdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

Panel iclasları ilə davam edən konfransda Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan Əlişir Nəvai əsərlərinin ən nəfis əlyazma nüsxələri”, həmin institutun doktorantı, fil.ü.f.d. Şəhla Məcidova isə “Əlişir Nəvai yaradıcılığında Həzrət Əli (ə) hikməti” mövzusunda məruzələrlə çıxış ediblər. 7 fevral 2023-cü il tarixində AMEA Rəyasət Heyətinin binasında keçirilən konfransın yekun iclasında alimlərimiz – baş direktor, akademik Teymur Kərimli, icraçı direktor, fil.e.d. Paşa Kərimov və fil.ü.f.d. Şəhla Məcidova ədəbiyyatşünaslıq elminə bəxş etdikləri töhfəyə və beynəlxalq elmi əməkdaşlığın inkişafında göstərdikləri əvəzsiz xidmətlərinə görə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təsis etdiyi “Əlişir Nəvai Medalı” ilə, elmi katib, dosent Əzizağa Nəcəfov isə beynəlxalq sertifikatla təltif olunublar.

Konfrans əsnasında həmçinin professor Şuhrət Siracəddinovun “Əmir Əlişir: həyat və yaradıcılığı” monoqrafiyasının Azərbaycan dilinə tərcüməsi də təqdim olunub ki, bu yeni nəşrin məsul katibi dosent Şəhla Məcidovadır.

manuscript.az