AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın “Qəhrəmannamə” yazılı dastan abidəsi (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası) kitabı işıq üzü görüb. Ömrünün 40 ilini “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr etmiş filologiya elmləri doktoru, əməkdar elm xadimi Şamil Cəmşidova ithaf olunmuş kitabda Yaxın Şərqdə geniş yayılmış, mövzusu islam dinindən daha öncəki minillikləri xatırladan mifoloji-tarixi qəhrəmanlıq yazılı dastan abidəsi “Qəhrəmannamə”nin AMEA Əlyazmalar İnstitutunda qorunan əlyazma və əski çap olmaqla səkkiz nüsxəsi öz əksini tapıb. Mövcud nüsxələrin içərisindən seçilmiş XVII əsr, B-1506 şifri altında mühafizə olunan yazılı dastan abidəsi üzərində aparılmış elmi-paleoqrafik müqayisələr, elmi mənbələr əsasında dini-qəhrəmanlıq dastanlarıyla tipoloji təhlil və mətnin müasir Azərbaycan əlifbasına transfoneliterasiyası ilk dəfə oxuculara təqdim edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.ü.f.d., dosent Əli Məmmədbağıroğlu, redaktoru Arif Ramazanov, rəyçiləri fil.ü.e.d., professor Azadə Musayeva və fil.ü.e.d., dosent Paşa Əlioğludur.

manuscript.az