Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş “20 Yanvar xalqımızın şanlı tarix səhifəsi” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib. İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açaraq müstəqillik yolunun məhz 1990-cı ilin 20 yanvarında başladığını, Ulu öndər Heydər Əliyevin bir gün sonra Ümummilli lider kimi xalqın yaddaşında möhkəmləndiyini bildirib. Alim çıxışında 20 Yanvar şəhidlərinin qəhrəmanlıqlarının heç bir zaman unudulmayacağını, onların daima yaddaşlarda qalacağını vurğulayıb. Tədbir çıxışların dinlənilməsi ilə davam edib.

Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadə, Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və böyük elmi işçi Novruz Bəkirov çıxış edərək qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar tarixinin Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı olduğunu qeyd edib, gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan, postmüharibə dövründə onların üzərinə düşən vəzifələrdən söz açıblar.

Tədbir çərçivəsində iştirakçılar İnstitutun Akt zalında “Kitabxana və elmi informasiya” şöbəsinin əməkdaşlarının hazırladığı “20 Yanvar xalqımızın şanlı tarix səhifəsi” mövzusunda kitab sərgisi ilə tanış olublar.

manuscript.az