AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, görkəmli etnoqraf, Zərdabişünas alim, təcrübəsi bəyənilmiş pedaqoq, tarix üzrə fəlsəfə doktoru, dosent Esmira Cavadovanın 80 illik yubileyi əməkdaşı olduğu institutda təntənəli şəkildə qeyd olunub. Tədbiri institutun baş direktoru, akademik Teymur Kərimli açaraq yubilyar haqqında, onun elmi yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti barədə öz fikirlərini söyləyib və çıxış üçün sözü məruzəçilərə verib.

Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nailə Səmədova “Mənalı ömrün səhifələri” adlı məruzəsində Esmira Cavadovanın elmi, pedaqoji, arxivşünaslıq fəaliyyəti haqqında geniş məlumat verib, onun fəlsəfə doktorluğu dissertasiyasının Zərdabi irsinin ilk tədqiqatlarından biri olduğunu söyləyib və alimin Əlyazmalar İnstitutundakı fəaliyyətinə ümumi nəzər salıb. Qızlar Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Kənan Əsgərli “Teymur bəy Bayraməlibəyov irsinin öyrənilməsində Esmira Cavadovanın rolu” mövzusunda məruzə edərək Esmira Cavadovanın tədqiqatçı kimi Teymur bəy Bayraməlibəyovun elmi irsinin araşdırılmasındakı rolundan, görkəmli ziyalının ömür yolunun ən parlaq zirvələrinin üzə çıxarılmasında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Mətanət İslamova çıxışında Esmira Cavadovanın pedaqoji fəaliyyətindən, onun Mədəni Maarif texnikumunda baş müəllim vəzifəsində çalışarkən minlərlə kitabxanaçı, muzeyşünas və mədəni maarif işçisi yetişdirdiyini bildirib və alimə 80 illik yubileyi və 30 illik pedaqoji fəaliyyəti boyunca göstərdiyi əvəzsiz xidmətlərinə görə kollecin kollektivi adından təbrik məktubunu təqdim edib.

Tədbir məruzə ətrafında çıxışlarla davam edib. Yubiley mərasiminə dəvət olunan hörmətli qonaqlar – Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, H.B.Zərdabi İrs Mərkəzinin həmtəsisçisi və sədri Seymur Bayramov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni Tarix” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Hacı Həsənov, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Mələk Abbaszadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Mükafatı laureatı, filologiya elmləri doktoru İmaməddin Zəkiyev, görkəmli yazıçı, jurnalist Nurəddin Ədiloğlu, Milli Azərbaycan Tarix Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Kərimov, Əlyazmalar İnstitutunun əməkdaşları - Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Tahirə Həsənzadə, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova, icraçı direktor, filologiya elmləri doktoru Paşa Kərimov, Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova çıxış edərək Esmira Cavadovanın çoxşaxəli fəaliyyəti haqqında məlumat verib, onun elmi əsərlərinin, çapa hazırladıqları kitabların, arxiv təsvirlərinin bugünkü gənc nəslə bir örnək olduğunu vurğulayıblar.

Tədbirdə Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarının özəl olaraq fəlsəfə elmləri doktoru, professor, H.B.Zərdabi diplomçusu İzzət Rüstəmovdan yubilyar haqqında götürdükləri video-müsahibə də nümayiş olunub və qocaman alimin çıxışı böyük coşqu ilə qarşılanıb.

Yubilyar da öz növbəsində tədbir iştirakçılarına, gələn qonaqlara və təbrik ünvanlayan şəxslərə öz dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda akademik Teymur Kərimli Esmira Cavadovaya məhsuldar elmi fəaliyyətinə görə və 80 illik yubileyi münasibətilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri Fərmanını, gül dəstəsi və mükafat təqdim edib. Tədbir boyunca İnstitutun Elektron resurslar şöbəsinin hazırladığı yubilyarın fotoşəkillərindən ibarət videoçarx, Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı yubilyarın elmi və pedaqoji fəaliyyəti boyunca nəşr etdirdiyi kitablar, qəzet və jurnallarda dərc etdirdiyi məqalələr, haqqında yazılan resenziyalar, layiq görüldüyü təltif və mükafatlardan ibarət zəngin sərgi nümayiş olunub.

manuscript.az