9 dekabr 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2022-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi və təsdiqi olub.

İclası giriş nitqi ilə İnstitutun baş direktoru, akademik Teymur Kərimli açıb, gündəliyi elan etdikdən sonra çıxış üçün sözü elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfova verib. Ə.Nəcəfov institutun illik hesabatı ilə bağlı geniş məruzəsində institutda dövlət başçısının müvafiq sərəncamlarından irəli gələrək icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti və Humanitar və İctimai Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı görülən işlər barədə, şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq, elmin təhsilə inteqrasiyası, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib. Məruzə barədə Əlyazmalar İnstitutunun fəxri doktoru, görkəmli dövlət xadimi, tarix e.d. Həsən Həsənov, İnstitutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., professor Kamandar Şərifov, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi, fil.e.d., professor Qaley Allahverdiyev və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, fil.e.d., professor Raqub Kərimov çıxış edib, hesabata dair fikirlərini bildirib, institutun 2022-ci il ərzində fəaliyyətini yüksək qiymətləndiriblər və təkliflərini səsləndiriblər.

Bütövlükdə hesabat Elmi Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.

Qeyd edək ki, Elmi Şuranın iclasında AMEA Humanitar və İctimai Elmlər Bölməsinin nümayəndələri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və bölmənin elmi katibi fil.ü.f.d. Arzu Məmmədxanlı iştirak ediblər. Professor Tehran Mustafayev də dinlənilən hesabat haqqında çıxış edib, institutun elmi tədqiqat şöbələrində icra olunan işlərin əhəmiyyətindən, əldə olunan mühüm nailiyyətlərdən, müəssisənin Fondların elmi uçotu və mühafizəsi, Kitabxana və elmi informasiya, Elektron resurslar şöbələrinin, Əlyazmaların gigiyena və bərpası laboratoriyasının əlyazmaların elektronlaşdırılması və bərpası sahəsində, Çap kitablarının tədqiqi, Biblioqrafiyaşünaslıq, Əlyazmaların və əski çap kitablarının tərcüməsi, Elmi biblioqrafik informasiya təminatı və oxuculara xidmət, Beynəlxalq elmi-mədəni əlaqələr, İctimai əlaqələr şöbələrinin əlyazmalar institutunun materiallarının və nəşrlərinin ölkədə və dünyada təbliği istiqamətində gördüyü mühüm işlərdən danışıb, institutun nəşrlərini və təqdim olunan hesabatı yüksək qiymətləndirib.

manuscript.az