Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə ““Bəhrül-həqaiq”, yaxud “Şərhi-Gülüstan”” kitabı işıq üzü görüb. Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlının tərtib edib nəşrə hazırladığı əsərin türk dilinə tərcüməsi Mirzə Sadıq Rahil Molla Süleyman Badkubeyiyə məxsusdur. Kitab 8 babdan (fəsil) ibarətdir və hər fəsildə müvafiq olaraq Həzrəti-Şeyx Sədinin tərcümeyi-halından, dərvişlərin əxlaqından, qənaətin fəzilətindən, hər işdə səbr etməyin vacibliyindən, cavanlıq eşqindən, qocalıq dövrünün zəifliyindən, insan həyatına tərbiyənin təsirindən, ədəbi söhbətin üstünlüklərindən və digər mövzulardan bəhs olunur. Yazıçı kitabda “Gülüstan” əsərinin şərhini çox məharətlə işləyib və onu aydın şəkildə oxuculara çatdırıb.

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları akademik Möhsün Nağısoylu və filologiya elmləri doktoru, professor Paşa Kərimovdur.

manuscript.az