11 noyabr 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun 70 illik yubileyi qeyd olunub.

Tədbiri giriş nitqi ilə institutun icraçı direktoru, filologiya elmlər doktoru Paşa Kərimov açaraq yubilyarın elmi, elmi-təşkilati, bədii yaradıcılıq və tərcüməçilik fəaliyyətindən danışıb, ona gələcək işlərində uğurlar diləyib və əsas məruzə üçün sözü institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevə verib. Məruzəçi “Əkrəm Bağırov – 70” adlı məruzəsində şərqşünas alimin elmi yaradıcılığının çoxşaxəliliyindən, elmi təfəkkürünün dərinliyindən, bədii tərcümələrindən və şairlik fəaliyyətindən, müəllifi olduğu monoqrafiyalardan, nəşrə hazırladığı müxtəlif əsərlərdən bəhs edib, Ə.Bağırovun unudulmuş mənəvi xəzinələrimizin tədqiqində və təbliğində əvəzsiz xidməti olan nadir əlyazmaşünas mütəxəssis kimi tanındığını vurğulayıb.

Daha sonra Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə institutun baş direktoru, akademik Teymur Kərimlinin adından Əkrəm Bağırova məhsuldar elmi fəaliyyətinə və 70 illik yubileyi münasibətilə Əlyazmalar İnstitutunun Fəxri Fərmanını təqdim edib və sözü təbrik və çıxışlar üçün alimin həmkarları, tələbə yoldaşları və qonaqlara verib.

Tədbirdə fil.e.d., prof. Raqub Kərimov, fil.ü.f.d., dosent Firidun Qurbansoy, mənbəşünas-şair, tarix e.d., prof. Şahin Fazil, şair-publisist, şərqşünas-tərcüməçi Hafiz Rüstəm, yazıçı Kənan Hacı, tarix ü.f.d. Bayram Quliyev, yazıçı Süleyman Həziyev, tarixçi Əkbər Nəcəf və institutun dizayner-rəssamı Nərmin İbrahimli çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Sonda Əkrəm Bağırov tədbir iştirakçılarına və gələn qonaqlara öz təşəkkürünü bildirib. Qeyd edək ki, yubiley mərasimində Ə.Bağırovun fars dilindən tərcümə edib, geniş ön söz və şərhlərlə nəşrə hazırladığı Sami Mirzənin “Töhfeyi-Sami” təzkirəsinin də təqdimat mərasimi baş tutub.

Tədbir boyunca İnstitut əməkdaşlarının hazırladığı yubilyarın fotoşəkillərindən ibarət videoçarx nümayiş olunub.

manuscript.az