7 dekabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib. Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb.

Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun İlkin yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev məruzə ediblər. Məruzəçilər Qarabağın ədəbi-mədəni keçmişi, XIX əsr ədəbi məclisləri və muğam-sənət tarixi, Qarabağ atları, Qarabağ müharibəsi ədəbiyyatda, XX əsr kino sənətində Qarabağ mövzuları ətrafında çıxış edərək, qarabağşünaslığın yeni nailiyyətləri ilə konfrans iştirakçılarını tanış ediblər. Tədbirdə Qarabağ ədəbi mühitinin yetirmələri olan M.P.Vaqif, X.B.Natəvan, Q.Zakir, B.Şakir, M.Məmai, N.Vəzirov, Ə.Haqverdiyev və başqalarının yaradıcılığı daha çox diqqət mərkəzində olub. “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin əlyazma nüsxələri haqqında da ətraflı məlumat verilib. Konfrans çərçivəsində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun hazırladığı “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgi və Əlyazmalar İnstitutunun əməkdaşlarının Qarabağa dair nəşrləri də nümayiş olunub.

manuscript.az