22 may 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan dramaturqu və publisisti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əlyazma və sənədlərdə” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açıb. O, böyük ədibin Azərbaycan ədəbi-ictimai fikrinin formalaşmasındakı rolundan danışıb.Akademik bildirib ki, “Molla Nəsrəddin” jurnalı vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərən Mirzə Cəlil həm də iqtisadi görüşləri ilə dünya səviyyəli bir ziyalı olub. Çıxışının sonunda T.Kərimli ensiklopedik zəkaya sahib bir şəxsiyyət olan Mirzə Cəlilin qoyduğu ənənələrin bu gün də davam etdirildiyini vurğulayıb. Sonra məruzələr dinlənilib.

İlk məruzə ilə çıxış edən Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov “Cəlil Məmmədquluzadənin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi barədə” mövzusunda ədibin zəngin arxivində saxlanılan ictimai-siyasi və publisistik məktublardan bəhs edib. P.KərimovC.Məmmədquluzadə irsinin araşdırılması istiqamətində müxtəlif dövrlərdə Əlyazmalar İnstitutunda aparılmış tədqiqat işlərindən də söz açıb.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov “Cəlil Məmmədquluzadə yaradıcılığı və Füzuli irsi” başlıqlı məruzə ilə çıxış edib. Ə.Nəcəfov C.Məmmədquluzadə yaradıcılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı arasında bəzi oxşarlıqların olduğunu və bunların xalq yaradıcılığından qaynaqlandığını söyləyib. O, bildirib ki, köhnə adət-ənənələrə qarşı mübarizə aparan hər iki sənətkar öz əsərlərində oxşar alleqorik obrazlardan istifadə ediblər.

Filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın məruzəsi “Cəlil Məmmədquluzadənin xatirələri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsi kimi” mövzusunda olub. N.Səmədova yazıçının Əlyazmalar İnstitutunda mühafizə olunan “Xatiratım” əsərindən bəhs açaraq, maraqlı nümunələr göstərib. N.Səmədova bildirib ki, təməli C.Məmmədquluzadə tərəfindən qoyulan Azərbaycan memuar ədəbiyyatının dəyərli nümunəsi olan “Xatiratım” ədibin uşaqlıq və gənclik illərini əks etdirməklə yanaşı, həm də onun “Molla Nəsrəddin” jurnalının fəaliyyəti uğrunda etdiyi fədakarlıqların sübutudur.

Yazıçının ictimai fikir tarixindəki mühüm rolundan filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyeva “Cəlil Məmmədquluzadə əsərlərinin nəşri dövrün ideoloji kontekstində” adlı məruzəsində bəhs edib. O, Mirzə Cəlilin yaşadığı dövrün çətinliklərinin “Molla Nəsrəddin” jurnalının nəşrinə göstərdiyi təsirdən söz açıb.

Filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Cəlil Məmmədquluzadənin ədəbi məktubları” mövzusundakı məruzəsində yazıçının zəngin epistolyar irsindən, şəxsi arxivindəki ədəbi məktublardan bəhs açıb. A.Quliyeva məktubların böyük qisminin “Molla Nəsrəddin” jurnalı ilə əlaqədar olduğunu vurğulayıb.

Sonra C.Məmmədquluzadə yaradıcılığı ilə bağlı digər çıxışlar dinlənilib. Qeyd edək ki, elmi sessiya ölkə Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən tədbirlər planı çərçivəsində keçirilib.

manuscript.az