İyulun 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərginin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verdi ki, sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır. Ədəbiyyatın və incəsənətin çiçəklənmə dövrü onların hakimiyyətdə olduqları illərə təsadüf edir. Azərbaycanın milli mədəniyyətinin inkişafı üçün Şah İsmayıl əlverişli mühit yaradıb, I Şah Təhmasib isə bu mühiti qoruyub saxlayıb. Həmin illərdə dövlətçiliyin elmi və yaradıcı potensialı formalaşıb, Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində birləşdirilməsi başa çatdırılıb, Azərbaycan dili dövlət işlərində üstün qüvvəyə malik olmağa başlayıb, Avropa ölkələri ilə geniş ticarət əlaqələri qurulub. Bütün bu amillər həmin dövrün incəsənət əsərlərində öz əksini tapıb. Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var.

Qeyd edək ki, sərgilənən fərmanın fotoşəklini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Münxenin Baviyera Dövlət Kitabxanasından əldə etmişdir.

XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya – bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür. Lakin sərginin əsl kulminasiyası Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir. Bu gün tamaşaçı bu möhtəşəm sənət əsərləri ilə tanış olmaq üçün gözəl imkana malikdir.