Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surətini əldə etmişdir. Əsərdə erkən orta əsrlərdən XIX əsrə qədər Dağıstan və Şirvanda cəmiyyətin siyasi, sosial-iqtisadi və diplomatik həyatında baş verən hadisələr şərh edilir. Yazılı abidənin mühüm hissəsini Azərbaycan alimi Mahmud Xınaluqinin bölgənin tarixinə dair 1456-ci ildə Azərbaycan türkcəsində yazdığı əsərdən götürülmüş parçalar təşkil edir. Bu dəyərli mənbə orta əsrlərdə Azərbaycan türkcəsində yazılmış tarixi əsərlərin dilinin öyrənilməsi baxımından da böyük maraq kəsb edir.

elyazmalarinstitutu.com